Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasında yol verdiyi maliyyə pozuntularına görə çəkdiyi cəzadan sonra şərti azadlığa buraxılıb.
Hafta.az xəbər verir ki, bununla bağlı Paris Apelyasiya Məhkəməsinə istinadən “RTL” radiostansiyası yayıb.
Məhkəmənin qərarı ilə eks-prezidentin cəzasının yüngülləşdirilməsi tələbi təmin edilib. Bununla da, altı aylıq cəza müddətində Sarkozinin üzərində daşıdığı elektron qolbaq çıxarılıb.
Qeyd edək ki, mətbuatda “Bygmalion işi” kimi tanınan qalmaqal Sarkozinin 2012-ci il seçki kampaniyasını idarə edən piar agentliyinin adı ilə bağlıdır. İstintaq materiallarına görə, siyasətçi kampaniya üçün qanuni limitdən iki dəfə çox – 42,8 milyon avro vəsait xərcləyib. O, 2016-cı ildən etibarən seçki büdcəsini qəsdən aşmaqda ittiham olunurdu.
Xatırladaq ki, 2024-cü ilin fevralında Paris Apelyasiya Məhkəməsi Nikola Sarkozini seçkilərin qanunsuz maliyyələşdirilməsində təqsirli bilərək, bir il müddətinə azadlıqdan məhrum etmişdi. Cəzanın 6 ayı şərti, digər 6 ayı isə elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılmaqla qüvvəyə minmişdi.
Məlumat üçün bildirək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti vəzifəsində çalışıb.